Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun müvafiq sərəncamına əsasən, qazi və şəhid ailələri mütəmadi olaraq ziyarət edilir, onların problemləri ilə maraqlanılır. Bu gün Vətən Müharibəsi şəhidi, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmiş Elnur Məmmədovun Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə məskunlaşmış ailəsi, Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Qalib Quliyev və Xocalı rayon Kosalar kənd tam orta məktəbi kollektivinin bir qrup üzvü tərəfindən ziyarət edildi. Görüş zamanı şəhidimizin ailə üzvlərinə başsağlığı verildi. Bildirildi ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhu xalqımız üçün əzizdir. Onların ailə üzvlərinə dəstək olmaq, köməklik göstərmək hər birimizin borcudur. Qeyd edək ki, şəhidimizin bizlərə yadigar qalan övladları - Vahid və Yusif Xocalı rayon Kosalar kənd tam orta məktəbində təhsil alırlar. Onların təhsilinə məktəb rəhbərliyi tərəfindən daim diqqət və qayğı göstərilir.